"Turan"ın direktoru məhkəməyə verildi – FOTO
Cüdo üzrə Əməkdar məşqçi, Türkiyə cüdo millisinin sabiq baş məşqçisi Musa İsmayılov məhkəməyə verilib.
32gun.az Prosport.Az-a istinadən xəbər verir ki, 66 yaşlı M.İsmayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə (idarəçilik qaydaları əleyhinə olan inzibati xəta) protokol hazırlanıb. Hazırlanmış protokol Abşeron Rayon Məhkəməsinə təqdim edilib. Məhkəmə prosesi hakim Firuzə Kərimovanın sədrliyi ilə baş tutacaq.
Qeyd edək ki, M.İsmayılov 1985-1991-ci illərdə İxtisaslamış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbində direktor vəzifəsində çalışıb. Tələbələri SSRİ birinciliklərinin, Azərbaycan birinciliklərinin və beynəlxalq yarışların qalibləri və mükafatçıları olub. 20-dən çox tələbəsi SSRİ İdman ustası adına layiq görülüb. 1991-1997-ci illərdə Türkiyənin cüdo üzrə kişilərdən ibarət yığma komandasının baş məşqçisi olaraq çalışıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Musa İsmayılova “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib. Hazırda o, “Turan” idman klubunun direktoru kimi fəaliyyət göstərir.