ÖZ XƏBƏR

Ulu Öndərin Rusiyanın Ermənistana silah verməsi ilə bağlı illər əvvəlki çıxışı – “Hətta kimyəvi silahlar da verilib”/ VİDEO

Sosial şəbəkələrdə Ümummilli Lider Heydər Əliyevin Birinci Qarabağ müharibəsi dövründə Rusiyanın Ermənistana silah tədarükünə dair illər əvvəl etdiyi çıxış yenidən gündəmə gəlib.

32gun.az xəbər verir ki, yayılan arxiv videosunda Heydər Əliyev Rusiya tərəfindən Ermənistana dağıdıcı və iri miqyaslı silahların, o cümlədən kimyəvi silah komplekslərinin ötürülməsindən danışır:

“Üç il atəşkəs dövründə Rusiya Ermənistana gizli şəkildə çoxlu sayda silah verib. Dağıdıcı silahlar, hətta böyük kompleks kimyəvi silahlar və onlardan müdafiə geyimləri verilib.”

Çıxışında Ümummilli Lider  bu silahların təkcə Azərbaycana qarşı deyil, daha geniş məqsədlərlə hazırlandığını qeyd edərək bildirir:

“Bu qədər silah Azərbaycanı dağıtmaq üçün deyil – onun onda biri bəs edərdi. Deməli, məqsəd təkcə biz deyilik.”

Heydər Əliyev həmçinin Ermənistan ərazisində Rusiya hərbi bazasının daimi yerləşdirilməsinə sərt münasibət bildirərək vurğulayır:

“Türkiyə ictimaiyyəti bilməlidir ki, onun qulağının dibində – Ermənistanda Rusiyanın böyük hərbi bazası yerləşdirilib. Bu, Ermənistan və Rusiya parlamentinin ratifikasiya etdiyi razılaşmadır. Mən buna rəsmi şəkildə etiraz etmiş, Rusiyanın dövlət başçılarına da mövqeyimizi bildirmişəm.”

Xatırladaq ki, Rusiyadan Ermənistana silah daşınması məsələsi 1997-ci ildə də beynəlxalq müzakirələrə səbəb olmuşdu. Həmin il Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Lev Roxlin Rusiyadan Ermənistana 1 milyard ABŞ dolları dəyərində qeyri-qanuni silah göndərildiyini açıqlamışdı. Silahlar sənədlərdə “istifadəyə yararsız” adı ilə rəsmiləşdirilərək Ermənistana hədiyyə kimi verilmişdi.

Azərbaycan tərəfinin sərt etirazından sonra Rusiyada məsələ ilə bağlı istintaq aparılmış, komissiya yaradılmış və cinayət işi açılmışdı. Məlumata görə, həmin dövrdə bu prosesə Vladimir Putin də cəlb olunmuşdu.

Yenidən yayılan bu çıxış bir daha sübut edir ki, Ümummilli Lider Heydər Əliyev ölkənin təhlükəsizliyi və regional sabitlik naminə hər zaman prinsipial və qətiyyətli mövqe nümayiş etdirib.

Ayaz

-->

Oxşar Xəbərlər