SOSIAL ÖZ XƏBƏR

“İnternet dili danışıq mədəniyyətimizi dəyişir”

Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda keçirilən konfransda çıxış edərək bildirib ki, hazırda sosial şəbəkələrdə formalaşan dil üslubu ümumi danışıq mədəniyyətimizə ciddi təsir göstərir.

32gun.az xəbər verir ki, onun sözlərinə görə, internet və sosial media nəsli artıq efir dilini və klassik ədəbi üslubu köhnəlmiş format kimi qəbul edir. “Düzgün və ədəbi dillə danışdıqda gənclər bunu süni, kitab dili kimi görürlər. Efir dili ilə sosial media dili arasında sərhəd demək olar ki, tamamilə itib. Dilə məsuliyyət hissi xeyli zəifləyib” – deyə qeyd edib.

Səadət Məmmədova bildirib ki, bir zamanlar efirə çıxmaq üçün xüsusi dil imtahanı tətbiq olunurdu, lakin bu gün həmin yanaşma demək olar ki, yoxdur. Onun sözlərinə görə, jurnalistika fakültələrində nitq mədəniyyəti ayrıca fənn kimi tədris olunsa da, praktikada dil normalarına əməl edilməməsi problem olaraq qalır.

O əlavə edib ki, ana dilində təhsil almaq getdikcə ikinci plana keçir və bu da dilə olan münasibətdə soyuqluq yaradır. Məmmədovanın fikrincə, baş verən dil pozuntuları artıq cəmiyyət üçün ciddi xəbərdarlıq siqnalı kimi dəyərləndirilməlidir.
Ayaz

Oxşar Xəbərlər