"İlk öncə qeyd etmək istəyirəm ki, Davos İqtisadi Forumundakı bu görüş həm siyasi, həm də iqtisadi tərəfdən ən ülvi görüşlərdən biridir. Burada əsas məna bundan ibarətdir ki, 700 beynəlxalq təşkilatın rəhbərləri, 600 ən qüdrətli, ən böyük şirkətlərin rəhbərləri bir yerə toplaşır. Yəni təxminən dünya iqtisadiyyatının 70 fazinin nümayəndələri orada iştirak edib. Ümumiyyətlə möhtərəm cənab prezident İlham Əliyev 19-cu dəfə idi ki, İsveçrəyə gedirdi. Son Davos görüşlərində də cənab prezident çox aktiv iştirak etdi. Bizim üçün maraqlı odur ki, dünya bizi daha yaxşı tanıyır və biz dünyanı yaxşı tanıyırıq. Bizim haqq sözümüz cənab prezidentin dili ilə dünyaya çatdırılıb. Bu bizim marağımızın birinci tərəfidir.
İkici isə iqtisadi tərəfdir. Bildiyiniz kimi, cənab prezident bu görüşlərdə Azərbaycanın beynəlxq iqtisadi siyasətini açıqlayır. Bu artıq ənənə halına çevrilib. Dövlət Başçısı Keçmişdə keçirilmiş layihənin nəticəsi barədə danışır və gələcəyə baxış kimi Azərbaycanda hansı formada Beynəlxalq iqtisadi layihələrin keçiriləcəyi ilə bağlı danışır”.
Bu fikirləri 32gun.az-a danışarkən millət vəkili Rüfət Quliyev deyib:
“Laçın yolu ilə bağlı məsələyə gəldikdə isə bizim ekoaktivistlər 40 gündən çoxdur ki, aksiyanı keçirirlər. Aksiya çox təsirlidir. Çünki artıq bütün dünya ölkələri Laçın yolu ilə bağlı düzgün məlumat ala bilir.
Problem ondan ibarət idi ki, Laçın yolunu separatçılar öz məqsədləri üçün istifadə edir. Bununla bağlı cənab Prezident Davos İqtisadi Forumunda çıxış edərkən məlumat verib. Həmçinin ölkəmizin ekologiyasına, qızıl və mis mədənlərinə zərər vurulmasının qarşısı alınmalıydı.
Aksiyanın başlanma səbəbi o idi ki, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin beynəlxalq ekspertlərinin ora gəlməsinə etiraz bildirilirdi. Biz də buna narazılıq bildirdik. Qeyd etdik ki, ora Azərbaycan ərazisidir və bu işlə məşğul olmağa faktiki olaraq ixtiyarımız var.
Bu aksiyanın əsas müsbət cəhətidir ki, aktivistlər hansı məsələni qaldırdılar. İkincisi isə hər iki müəssisənin fəaliyyəti tam dondurulub.
Üçüncü isə hərbi sursatların, terrorçuların yanına gəlib-gedən məsələlərin qarşısı alınıb.
Məsələnin dördüncü tərəfi isə bu hərəkət, eləcə də cənab prezidentin Davosdakı müraciətləri bütün dünyada gedən proseslərə təkan verib. Artıq dünya bunu qəbul edib ki, biz haqlıyıq.
- Tələblərimizi istənilən qədər çatdırmışıqmı?
- Bu irrasional bir meyardır.
Bu sahədə boşluq yoxdur, çünki erməni diasporası güclü işləyir. Hər bir fəaliyyətə əl atırlar. Amma ən azından bunların qarşısı alındı. Onların istəyi puç oldu. Yəni "stəkanda fırtına" oldu. Bununla da heç nəyə nail ola bilmədilər.
Ölkə prezidentinin siyasətinin nəticəsidir ki, Azərbaycan artıq haqlı tərəf kimi qəbul olunub. Bu böyük qələbədir. Düzdür biz sonuna qədər artıq bu problemi həll etməyə hazırıq.
Lavrov da qeyd etdi ki, Azərbaycan nümayəndələri Rusiya nümayəndələrinə xüsusi faktlar göstəriblər. Göstərilib ki, həqiqətən də bu yoldan hərbi sursatlar daşınır. Beynəlxalq sazişlərə zidd olaraq gətirilən minaları erməni separatçıları istifadə edirlər.
- Ekoaktivistlərə qoşulmaq, ora getmək istəyərsizmi?
- Mən, vaxtı ilə ekoaktivistlərdən öncə Şuşada olmuşam. Orada komitə iclasımız olub. Həmçinin 3 dəfə Ağdamda olmuşam. Müharibə təxminən 7-8 ay idi bitmişdi. Ukraynalı deputatlarla Ağdama getdik, Gəncəyə də getdik. Hətta oradakı vəziyyətə, erməni faşistlərinin törətdiyi əməllərə görə ukraynalı deputatlar ağladılar. Biz Ağdamda olanda düz mərkəzində dayanmışdıq.
Bildiyiniz kimi orada bir bina da qalmayıb. Mən orada sual verdim ki, bu mərkəzi yoldursa, asfalt örütüyü haradadır? Dedilər onu da çıxarıb aparıblar. Gördüyünüz kimi bu 21-ci əsrin bir nümunəsidir. Bu da erməni separatçılarının əsl fikirlərini üzə çıxarır.
- Bəs Rusiya sülhməramlılarının işindən razısız? Bir deputat olaraq nədən narazısız? Bəzi narazılıqlar var.
- Deputatın sözü Quran Ayəsi deyil. O, öz fikrini ifadə edə bilər. Bilirsiniz ki, bu dövlət siyasətidir.
Dövlət siyasəti də yüksək səviyyədə qərarlar verilən bir məqamdır. Təbii ki, onların fəaliyyətində tənqidlər var. O cümlədən ekoaktivistlərə qarşı hərəkəti ilə əlaqədar. Bu nədən qaynaqlandı?
Təbii ki, onların da burada rolu var. Onların bir çox mənfi hərəkətləri olub. Bunu mən də qeyd etmişəm. Amma ümumiyyətlə götürsək bu üçtərəfli razılaşmaya qol çəkilmişdir, müvəqqətidir. Bununla Azərbaycan problemin həlli yolu kimi razılaşdı. Bu bir mərhələ idi ki, problem tam çözülsün.
Problemin tam çözülməsi delimitasiyadır, demarkasiyadır, Azərbaycan-Ermənistan arasında sülh sazişidir. Amma yenə də uduşda olan bizik.
Çünki, Ermənistanda açıq-aydın qəbul ediblər ki, Xankəndi əslən Azərbaycanın ərazisidir. Düzdür Paşinyan çox vaxt nala-mıxa vurur. Amma yenə də məcburiyyət qarşısında qeyd edir ki, biz Azərbaycanla sülh müqaviləsinə getməliyik və bağlamalıyıq.
Aygün İlqarqızı
FOTOLAR: Nurlan Şiraliyev