SİYASƏT ÖZ XƏBƏR

"İran bu gün inqilaba "hamilədir" - Millət vəkili Elman Nəsirov (VİDEO)

Millət vəkili Elman Nəsirov İranın “izgoy” dövlət olduğunu bildirib.

Deputatın  32gun.az-a müsahibəsinın ilk hissəsini təqdim edirik:

- Tehrandakı olaylar zamanı qarşıya qoyulan məqsəd nə idi və fiaskoya uğradılar?

- Əvvəla onu qeyd edim ki, hər şeyi öz adı ilə çağırmaq lazımdır. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş bu cinayətin bir adı var, o da beynəlxalq terror əməlidir. Bunun başqa adı yoxdur. 

Beynəlxalq terror məsələləri ilə məşğul olan dünyanın bütün aparıcı mütəxəssislərinin belə bir yekdil mövqeyi var. Beynəlxalq terrorun digər cinayət növlərindən ən ciddi fərqi ondadır ki, burada eyni vaxtda 4 tərəf iştirak edir.

Birincisi təşkilatçı və təşkilatçılar, ikincisi icra edən və icra edən şəxslər, üçüncüsü onun qurban və qurbanları, dördüncüsü isə sağ qalmışlar. Təsəvvür edin beynəlxalq terror əməlinin digər cinayət növlərindən fərqi ondadır ki, təşkilatçının da, icraçının da əsas hədəfi öldürdüyü deyil, əsas hədəf sağ qalmışlardır.

Onlar bu cinayət əməlini törətməklə əslində Azərbaycan dövlətinə, dövlətçiliyinə,  xalqına, ölkənin siyasi rəhbərliyinə təzyiq göstərmək istəyirlər. Məqsədləri tamamilə başqadır.

Necə ki, vətən  müharibəsindən öncə, vətən müharibəsinin gedişatında eyni zamanda ondan sonra birmənalı şəkildə Ermənistanın yanında yer almışdılar, onu müdafiə etdilər. AntiAzərbaycan fəaliyyəti göstərdilər və bu gün də bunlar genişlənməkdədir.

Bu hadisəni  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev birbaşa məhz terror aktı kimi qiymətləndirdi. Bu heç bir halda təsadüf deyil.

Əsas tələb odur ki, təşkilatçılar tapılmalıdır. İcraçı tək olmaya bilər, digər icraçılar da bəlkə ehtiyac variant kimi saxlanılmışdı, hər şey ola bilər. Təşkilatçı, icraçı və icraçılar üzə çıxarılmalıdır. Onlar ən sərt şəkildə cəzalandırılmalıdır.

O, terrorçu səfirliyimizə binasına daxil olarkən, iran vətəndaşı gözətçisi necə laqeyd, necə biganə reaksiya verdi. Onlar da cəza almalıdır.

İranın xüsusi xidmət orqanlarına doğurdanmı bu hadisə ilə bağlı heç bir siqnal daxil olmamışdı.

Axı onlar öyünürlər ki, dünyanın ən güclü təhlükəsizlik xidməti bizdədir. Deməli bu halın qarşısında onlar cəzalandırılmalıdır. Müvafiq şəxslər, cavabdeh şəxslər cəzalandırılmalıdır. İranın hüquq mühafizə orqanları məsuliyyət daşıyır, onlar cəza almalıdır.

Həmçinin İran dövləti, onun ali-siyasi rəhbərliyi etiraf etməlidir ki, İranın özü qoşulduğu 1961-ci il diplomatik münasibətlər haqqında “Vyana” konvensiyasının qərarları, tələbləri tamamilə pozulub.

Bununla yanaşı İran tərəfi məsuliyyəti üzərinə götürməli, üzrxahlıq etməlidir ki, bir daha belə hadisələr, cinayətlər baş veməyəcək.

Hər kəsə məlumdur ki, İran dünyada beynəlxalq terrorizmi himayə edən, maliyyələşdirən dövlət imicinə malikdir.

İranın siyasi rəhbərliyində bir ağıllı adam tapılıb demədi ki, görün dünyada Azərbaycanın nə qədər dostları var.

Bu gün BMT Baş Məclisində 193 ölkə təmsil olunur.

Təsəvvür edin onun, bir əlin beş barmağı da azlıq edər ki, İranın dostlarını sayasan.

Azərbaycan İranda olan 35 milyonluq soydaşımızı nəzərə alıb, eyni zamanda biz tarixi qonşuluq əlaqələrini nəzərə alıb həmişə çalışmışıq ki, İranla münasibətlərimiz yüksək səviyyə də olsun.

Belə olan vəziyyətdə İran Azərbaycana qarşı bu cür terror əməlinə imza atmaqla, əslində Azərbaycana qarşı düşmənçilik  siyasəti həyata keçirir.

Bütün beynəlxalq ictimaiyyət İranı qınadı, etirazlarını bildirdi. Və bu o zaman baş verir ki, İranın özündə daxili vəziyyət çox pisdir.

Məşhur bir ifadə var, əslində ayrı-ayrı dövlətlərə qarşı işlədilir, ancaq İrana çox yaraşır. Deyirlər ki, “İran bu gün inqilaba hamilədir”.

Görünür ki, belə cinayətlərə, terror əməllərinə imza atmaqla, bəlkə də daxili auditoriyanın diqqətini yayındırmaq istəyiblər.  Amma çox yanlış siyasətdir. Əksinə, deyərdim ki, baş vermiş hadisədən sonra İranın dünyadakı formalaşmış terrorçu imici daha da möhkəmləndi və İran xalqı bir daha bildi ki, onlara kimlər rəhbərlik edir.

- Bəs, İran tərəfinin açıqlaması ilə bağlı fikirləriniz nədir?

- Terror əməlini adi bir məişət hadisəsi səviyyəsinə endirmək, çox gülüncdür. Buna amerikanlar “nonsense” deyərdilər.

Guya 9 ay həmin o, terrorçunun arvadı Azərbaycan səfirliyində girov saxlanılıb. Nəinki 9 ay, 9 saniyə belə bir hadisə baş versə idi, bütün İran ayağa qalxmışdı. İranın Xarici işlər nazirliyi, İranın dövlət qurumları Azərbaycana qarşı etiraza başlamışdı, beynəlxalq təzyiq işə salmışdılar.

Yəni bu açıqlama o qədər gülüncdür ki, tənqidə belə dözmür.

Azərbaycanın diplomatik korpusu tam heyəti ilə vətənə geri dönüb. 30 illik diplomatik münasibətlər tariximizdə ikinci belə xoronoloji hadisə xatırlamıram ki, İran-Azərbaycan diplomatik münasibətləri bu səviyyəyə düşsün.

Bu İran-Azərbaycan diplomatik münasibətlərinin dondurulması anlamına gəlir.

Bu halda bütün məsuliyyət İranın üzərinə düşür. Və hesab edirəm ki, indiki halda İran Prezidentinin Azərbaycan Prezidentinə telefon zəngi açması,

İranın XİN rəhbərinin azərbaycanlı həmkarı ilə telefon danışığına getməsi, bunlar  heç də vəziyyətin gərginliyini aradan qaldırılması mənafeyinə xidmət göstərmir. İran tərəfi sözdə yox əməldə addım atmalı, cinayətkarları tapmalı, üzə çıxarmalıdır. 

"İran bu gün inqilaba "hamilədir"- Millət vəkili Elman Nəsirov (VİDEO)

- Səfirlik yenidən bərpa olunsa, növbəti dəfə bu addıma cəsarət edə bilərlərmi?

- İran dövlətindən hər şey gözləmək olar, amma dediyiniz hadisə baş versə, tutaq ki, Azərbaycanın diplomatik korpusu “X” günündə geri dönür və bunun ardınca yenə də analoji hadisə bş verir. Hesab edirəm ki, bu siyasi dəliliyin pik nöqtəsi olar. Bundan o yanası yoxdur.

İran dünyada “izqoy” dövlət kimi tanınır. ABŞ Dövlət Departamentinin dünyada terrorizmi himayə edən və maliyyələşdirən dövlətlər sırasının öncül mövqeyində İran dayanır.

İran siyasi rəhbərliyi unutmasın ki, Azərbaycan hələ bu günə qədər bir dəfə də olsun, Qərbin İrana qarşı sanksiyalarına qoşulmayıb.

İranın siyasi rəhbərliyi yaddaşını bu gün təzədən bərkitsin, tarixi yada salsın.

2006-cı ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Statlarına ilk rəsmi səfəri olub.

ABŞ və müttəfiqləri İranı bombalayacaqlarını bildirirdi. Azərbaycan Prezidenti isə cənab İlham Əliyevin amerikalı həmkarı ilə Ağ Evdəki danışıqları zamanı əsas mövzu bu olmuşdu. Azərbaycan Prezidenti qeyd etmişdi ki, heç bir üçüncü dövlətin Azərbaycan ərazisindən istifadə edərək, İrana zərbələr endirməsinə biz imkan vermərik”. Cənab Prezident bu sözləri Ağ Evdə söylədi.

Cənab prezident Ağ Evin həyətindəki brifinqdə dünya və ABŞ mətbuatına bildirdi ki, heç bir halda biz imkan vermərik ki, Azərbaycan ərazisindən plasdarm kimi İranı bombalamaq üçün istifadə edilsin”.

"İran bu gün inqilaba "hamilədir"- Millət vəkili Elman Nəsirov (VİDEO)

Azərbaycan Prezidenti bunu 17 il əvvəl demişdi və hazırda da sözünün ağasıdır. Budurmu qarşılığı?

Onu da qeyd edim ki, bizim qəhrəman gözətçimiz Vasif  terrorçunun qarşısını almasaydı həmin o, cinayətkar mərtəbələrlə qalxaraq səfirliyimizin əməkdaşlarını, onların ailə üzvlərini qətlə yetirəcəkdi. Görün o zaman faciənin miqyası hansı həddə gəlib çatacaqdı. Bütün bunlar onu deməyə əsas verir ki, İran İslam Respublikası çox təəssüf hissi ilə qeyd edirik ki, bu gün terrorizmin keşiyindədir. O dərəcə keçiyindədir ki, onlar bu gün din qardaşlarını güllələyirlər.

Hesab edirəm ki, baş verən terror hadisəsi həm də İran İslam Respublikasının xamenizm dövlət ideologiyasıdır. Həmin dövlət ideologiyasının dəfn olunduğu gündür. Niyə? Xamenizm dövlət ideologiyasına görə, iki istiqamət mövcuddur. Birincisi müsəlmanın müsəlmandan yaxın dostu yoxdur. Bu ana prinsipdir. İkincisi isə islam inqilabının ixracı məsələsidir. Görünür ki, İran xamenizm ideologiyasının ikinci istiqamətini Azərbaycanla münasibətdə tətbiq edir. Çalışırlar ki, Azərbaycanda dövlət çevrilişinə cəhd etsinlər.

Bundan sonrakı İran davranışından asılı olaraq bizim bu ölkə ilə münasibətlərimizin gələcək inkişafı konturlarla  müəyyən edilə bilər. İran ikitərəfli münasibətlərimizin inkişafına xidmət edəcək jestlər etməlidir. Bu jestlərin sırasında ilk növbədə Zəngəzur dəhlizinin açılması məsələsində tutduğu qeyri-obyektiv, qərəzli mövqedən imtina etməlidir. Və bu istiqamətdə konkret addımlar atmalıdır. Bütün bunlardan sonra rəsmi Bakı Tehranla münasibətlərin bərpası və sonrakı inkişafı ilə bağlı məsələlərə qayıda bilər.

- Sizin “Azərbaycan əsgərini görən ermənilər sərhəddə əyilə-əyilə gəzir” deyə məşhur ifadənizi bundan sonra İran üçün işlədəkmi?

- İran öz erməni qardaşlarının bu aqibətini gördü. Onlar qorxdular, əyilə-əyilə gəzdilər və sonda ağ bayrağı qaldırdılar. Və onların dövlət başçısı “kapitulyan” statusuna enmiş oldu.  İran tərəfi bundan dərs alsınlar ki, erməni əsgəri bu gündə, bu vəziyyətdə idisə, həmin analoji vəziyyətdə öz əsgərləri də ola bilər. Azərbaycan bu gün çox güclü dövlətdir, Azərbaycan beşinci nəsil silahlara malik dövlətdir. Azərbaycanın 20-dən çox hərbi zavodu var və yeniləri də artıq istifadəyə verilir. Azərbaycan dünyanın ən güclü orduları sırasındadır. Mənə elə gəlir ki, İranın siyasi rəhbərliyindəki ağıllı insanlar üzə çıxıb başa salmalıdır ki, belə olmaz. Azərbaycanla oynamaq olmaz. Azərbaycanla bu cür rəftar odla oynamaq deməkdir. İran odla oynamasın.

Aygün İlqarıqızı

Fotolar: Nurlan Şiraliyev

Oxşar Xəbərlər