
Azərbaycanli bloger “Subo” Rusiyada axtarışa verildi – 50 milyonluq vergi qalmaqalı
Rusiyada yaşayan azərbaycanlı bloger Sübhan Məmmədov, ictimaiyyətdə daha çox “Subo” ləqəbi ilə tanınan sosial media siması, vergi cinayətinə görə hüquq-mühafizə orqanlarının axtarışına verilib.
32gun.az xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə İstintaq Komitəsi rəsmi açıqlama yayıb.
İstintaq məlumatlarına əsasən, Sübhan Məmmədovun yalnız özü deyil, onun atası və qardaşı da oxşar ittihamlarla üzləşiblər. Onların 2020–2022-ci illər ərzində vergidən yayınmaq məqsədilə qeyri-qanuni maliyyə sxemi qurduqları iddia olunur. Bu dövr ərzində dövlət büdcəsinə 50 milyon rubl ödənilmədiyi bildirilir.
Ailə üzvləri artıq dəymiş ziyanın bir hissəsini ödəməyə başlayıblar və 9 milyon rubl Rusiya Federal Vergi Xidmətinin hesabına köçürülüb. Bildirilir ki, cinayət yolu ilə əldə edildiyi iddia olunan 10 milyon rublla lüks avtomobil alınıb. Eyni zamanda 20 milyon rubl dəyərində əlavə vergi borcu və faizlər formalaşıb.
Sübhan Məmmədova qarşı Rusiya Cinayət Məcəlləsinin 198.2-ci maddəsi (xüsusilə böyük məbləğdə vergi yayınması) və 174.1.4.b maddəsi (cinayət gəlirlərinin leqallaşdırılması) ilə rəsmi ittiham irəli sürülüb.
Qeyd edək ki, “Subo” sosial şəbəkələrdə yayımladığı yumoristik və “prank” videoları ilə məşhurluq qazanıb.
Ayaz