
NASA tədqiqatçıları Saturnun ən böyük peyki olan Titanın səthində həyatın ilkin mərhələsi hesab olunan strukturların – vezikulların (mikroskopik qapalı qabarcıqların) öz-özünə yarana biləcəyini göstərən yeni ssenari təklif ediblər.
32gun.az xəbər verir ki, bu barədə International Journal of Astrobiology jurnalında dərc olunmuş elmi məqalədə qeyd olunub.
Titanda Yer planetindən fərqli olaraq səthdə su yoxdur, əvəzində maye metan və etan gölləri mövcuddur. Lakin alimlər hesab edir ki, məhz bu qeyri-adi mühitdə həyatın başlanğıcına səbəb ola biləcək kimyəvi proseslər baş verə bilər.
NASA mütəxəssisləri, bu ekstremal şəraitdə – son dərəcə aşağı temperatur və maye karbohidrogenlərin mühitində – amfifil molekullarından ibarət vezikulların yaranıb-yaranmadığını araşdırıblar. Yer üzündə belə molekulların bir ucu suyu “sevir”, digər ucu isə “sevmir”. Onlar öz-özünə qapalı sferik quruluşlar əmələ gətirərək daxili mühiti xaricdən ayıra bilir – bu da hüceyrə membranlarının əsas xüsusiyyətidir.
Titanda su olmadığından, alimlər fərqli bir ssenari təklif ediblər. Onların fikrincə, metan yağış damcıları göllərə düşərkən sıçrayan damlalar amfifil molekullar ilə örtülə bilər. Bu damcılar gölə qayıdarkən iki örtük birləşir və nəticədə içərisində maye olan qapalı vezikula – sadə hüceyrəyə bənzər quruluş yaranır.
Bu mikroskopik strukturlar klassik anlamda hüceyrə sayılmasa da, onların mövcudluğu Titan səthində mürəkkəblik və sistemli quruluşun artdığını göstərə bilər ki, bu da həyatın yaranması üçün vacib şərtlərdəndir.
NASA-nın Qoddard Kosmik Uçuşlar Mərkəzindən tədqiqatçı Konor Nikson bildirib:
“Əgər Titanda həyat yoxdursa belə, vezikulların yaranma ehtimalı orada canlıların yaranmasına qədər olan mərhələlərin mümkünlüyünü göstərir.”
Nilay