
Böyük Britaniyada aparılan genişmiqyaslı araşdırmanın nəticələrinə görə, sərt və avtoritar tərbiyə üsulu ilə böyüdülən uşaqlar məktəbdə daha yüksək nailiyyətlər əldə edirlər.
32gun.az bildirir ki, bu barədə The Telegraph nəşri məlumat yayıb.
Milli Sosial Tədqiqatlar Mərkəzinin və Londondakı xeyriyyə təşkilatının həyata keçirdiyi araşdırmaya 6 minə yaxın uşaq və onların valideynləri cəlb olunub. 10 il davam edən müşahidələrdə valideynlər, bağça tərbiyəçiləri və məktəb müəllimləri ilə sorğular keçirilib, uşaqların 2 yaşından 11 yaşına qədərki dövrdə tərbiyə tərzi və təhsil uğurları izlənilib.
Məlum olub ki, yüksək psixoloji nəzarət və aydın sərhədlərlə seçilən avtoritar tərbiyə üsulu tətbiq olunan uşaqlar, altıncı sinifə çatdıqda oxu, yazı və riyaziyyat fənlərində gözlənilən nəticələri daha tez əldə ediblər. Bu tərz sərtlik, bəzən qışqırıqla müşayiət olunsa da, eyni zamanda valideynin emosional diqqət və istiliyini də əhatə edir.
Əksinə, daha yumşaq və demokratik tərbiyə üsuluna üstünlük verən ailələrin uşaqlarında təhsil göstəricilərinin aşağı olduğu aşkarlanıb. Belə tərbiyədə valideynlər səs yüksəltməkdən və sərt qaydalar qoymaqdan çəkinirlər.
Araşdırmada həmçinin vurğulanır ki, valideynlərin uşaqlar üçün müəyyən etdiyi sərhədlər, xüsusilə 5-7 yaş aralığında, təhsil nəticələrinə müsbət təsir göstərir.
Alimlər hələ ki, yumşaq tərbiyə stilinin zəif nəticələrlə əlaqəsinin səbəblərini tam müəyyən etməyiblər. Onların fikrincə, valideynin sərhəd qoymaması uşağın destruktiv davranışlarına və dərslərə köklənməkdə çətinlik çəkməsinə səbəb olur.
London Universitet Kollecinin Təhsil İnstitutundan psixoloq professor Vivien Hill də qeyd edib ki, həddən artıq yumşaq tərbiyə məktəb mühitinə uyğunlaşmanı çətinləşdirə bilər:
“Belə uşaqlar sonda məktəbə gedəcəklər və orada müəllim 30 nəfərlik sinfi idarə etməlidir. Belə şəraitdə heç kim hər bir uşaqla yumşaq danışıqlar aparmaq imkanına sahib deyil” – deyə o bildirib.
Nilay