
İqlim dəyişiklikləri və təbii yaşayış mühitinin sürətlə məhv olması fonunda alimlər nadir heyvan növlərinin genetik müxtəlifliyini bərpa etmək və onları qorumaq üçün gen mühəndisliyi texnologiyalarının istifadəsini təklif edirlər.
32gun.az xəbər verir ki, bu barədə Nature Reviews Biodiversity jurnalında dərc olunmuş beynəlxalq araşdırmada bildirilir.
Tədqiqatın müəllifləri — Şərqi İngiltərə Universiteti, Kopenhagen Universiteti, Colossal Fondu və digər qurumların ekspertləri hesab edirlər ki, bir çox növlər təkamül üçün həyati əhəmiyyət daşıyan genetik müxtəlifliyi itirir. Hətta populyasiyanın sayı bərpa olunsa belə, genetik itkilər növün gələcəkdə yox olmasına səbəb ola bilər.
Alimlər Mavrikiy adasında yaşayan çəhrayı göyərçini buna nümunə göstərirlər. Yalnız 10 fərddən ibarət populyasiya illərlə aparılan əsirlikdə çoxaldılma proqramı nəticəsində 600-ə qədər artırılıb. Lakin genom analizləri göstərib ki, bu növ hələ də zərərli mutasiyaların yığılması və faydalı genlərin çatışmazlığı səbəbindən “genetik aşınma”dan əziyyət çəkir. Əgər müdaxilə edilməzsə, bu göyərçin növü 50–100 il ərzində yenidən yox ola bilər. Alimlər muzey kolleksiyalarında qorunub saxlanılan DNT nümunələrindən istifadə edərək genetik müxtəlifliyin bərpasını mümkün sayırlar.
Artıq kənd təsərrüfatında — quraqlığa və zərərvericilərə davamlı bitkilərin yaradılmasında effektivliyi sübut edilmiş gen mühəndliyi texnologiyası indi vəhşi təbiətdə də tətbiq edilə bilər. Tədqiqatçılar üç əsas istiqamət təklif edirlər: itirilmiş genetik müxtəlifliyin bərpası, yaxın qohum növlərdən faydalı genlərin köçürülməsi (məsələn, xəstəlik və istiyə davamlılıq) və zərərli mutasiyaların sağlam genlərlə əvəz edilməsi.
Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, genetik müdaxilələr ehtiyatla aparılmalıdır. Gen mühəndliyi təbiəti qorumağın klassik yollarına alternativ yox, əlavə vasitə kimi qiymətləndirilməlidir. Bu yanaşma mərhələli sınaqları, uzunmüddətli müşahidəni və yerli icmaların qərarvermə prosesinə cəlb olunmasını tələb edir.
“Təbiətin qorunmasına dair sehrli resept təklif etmirik,” – deyə tədqiqat müəlliflərindən biri, Kopenhagen Universitetindən professor Hernan Morales vurğulayıb. – “Amma əlimizdə ənənəvi mühafizə üsulları ilə müasir texnologiyaların birləşdirilə biləcəyi yeni bir yanaşma var.”
Nilay